İQTİSADİYYAT
Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106009886 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 88.9360 AZN (12 faiz) və 98.0424 AZN (8.2499 faiz) olan 33 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.7868 AZN (8.3491 faiz), orta ölçülmüş qiyməti 97.8961 AZN (8.3066 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120 milyon 253 min 800 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il martın 12-də ödəniləcək. Hərrac iştirakçıları martın 17-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.