İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106014886 ISIN-li, 40 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 88.9360 AZN (12 faiz) və 100.0528 AZN (7.48 faiz) olan 39 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.9 AZN (7.9191 faiz), orta ölçülmüş qiyməti 99.3678 AZN (7.7401 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 227 milyon 476 min 100 manat, yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edilib. İstiqrazlar 2024-cü aprelin 30-da ödəniləcək. Hərrac iştirakçıları mayın 5-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.