İQTİSADİYYAT
Maliyyə Nazirliyinin nümayəndələri Astanada mühasibat uçotu üzrə Koordinasiya Şurasının iclasında iştirak edib
Bakı, 26 oktyabr, AZƏRTAC
Astana şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi yanında Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının XIII iclası keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən nümayəndələrin də qatıldığı iclasda MDB-yə daxil olan ölkələrin mühasibat uçotu və audit sahələrini tənzimləyən səlahiyyətli orqanların və bir sıra peşəkar mühasibat və auditor birliklərinin nümayəndələri iştirak ediblər.
İclasda milli mühasibat uçotu sisteminin inkişafı, o cümlədən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi təcrübəsi, həmçinin MDB-yə daxil olan iştirakçı dövlətlər tərəfindən milli təsərrüfat subyektlərinin konsolidə olunmuş maliyyə hesabatlılığı barədə razılaşmanın icrası, auditor fəaliyyətinin tənzimlənməsi üzrə milli sisteminin inkişafı, o cümlədən Beynəlxalq Audit Standartlarının tətbiqi təcrübəsi, audit xidmətləri bazarının vəziyyəti, mühasibat uçotu və audit sahəsində beynəlxalq təşkilatların fəaliyyəti, mühasibat uçotu üzrə mütəxəssislərin milli sertifikatlaşdırılmasının qarşılıqlı tanınması məsələləri üzrə işçi qrupunun fəaliyyəti və digər məsələlər ətrafında müzakirələr aparılıb.