REGİONLAR
Maliyyə Tədris Mərkəzi fəaliyyətini müasir tələblər səviyyəsində qurub
Naxçıvan, 20 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və yenidən hazırlanmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin, işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Yüksəkixtisaslı kadrların hazırlanması isə bilavasitə maliyyə sisteminin gələcək inkişafının təminatıdır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən il mərkəzdə fəaliyyətin təşkili və tədrisə start verilməsi istiqamətində işlərə başlanılıb, təlim materialları və təlimçilərin hazırlığı prosesi aparılıb, mərkəzin maddi-texniki bazası gücləndirilib, yeni tədris zalı, elektron lövhə və 25 kompüter istifadəyə verilib. Bu təşəbbüslər, öz növbəsində, tədrisin daha müasir səviyyədə həyata keçirilməsinə imkan verib, fəaliyyət prosesində elektron hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadənin təmin edilməsinə zəmin yaradıb.
Ötən müddətdə mərkəzdə təlim materialları hazırlanıb, dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçiləri tədrisə cəlb edilib, onların bilik səviyyələrinin qiymətləndirilməsi təmin olunub.
Mərkəz tərəfindən qrupların komplektləşdirilməsi dinləyicilərin iş profili və vəzifəsi nəzərə alınmaqla aparılıb. Buna müvafiq olaraq müxtəlif təlim müddətli qruplar təşkil olunub, tədris planları və proqramları işlənib hazırlanıb. Muxtar respublikanın rayon və şəhərlərindən təhsil, səhiyyə, mədəniyyət, hərbi və hüquq-mühafizə, kommunal sahələrdə, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında fəaliyyət göstərən maliyyə və mühasibat işçiləri kurslara cəlb olunublar.
Əsasən, dördgünlük təlim paketləri 4 və ya 5 moduldan ibarət olmaqla, 12 tədris saatı şəklində tərtib edilib. Mərkəz ötən il üçün müvafiq ekspertlərlə işləyib hazırladığı “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” təlimi, smeta xərclərinin planlaşdırılması, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu mövzuları üzrə məlumatları əhatəli şəkildə iştirakçılara çatdırmağı qarşısına məqsəd qoyub. Kursun sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirmə mərhələsindən sonra tədris planının tələblərini yerinə yetirən dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib. Təlimçiləri tədris zamanı ekspertlər müşahidə edib ki, bu da, öz növbəsində, təlimin keyfiyyətinin artırılmasına müsbət təsir göstərib.
Mərkəz müasir texnologiyalardan tədris işlərinin təkmilləşdirilməsi üçün səmərəli şəkildə istifadə edir. Belə ki, təlimlərin və təlimçilərin qiymətləndirilməsi üçün elektron sorğu anketlər, dinləyicilərin peşəkarlıq səviyyəsini öyrənmək məqsədilə test bazası yaradılıb.
2018-ci ildə mərkəz tərəfindən muxtar respublikanın mərkəzi və yerli icra orqanları və hüquq-mühafizə orqanları, rayon və şəhər təşkilatları, habelə digər dövlət idarə və müəssisələri üzrə 178 təşkilat olmaqla, 250 maliyyə və mühasibat işçisini əhatə edən 13 kurs təşkil olunub.
Tədris prosesində daha səmərəli nəticə əldə etmək məqsədilə mərkəzin tədris materiallarının hazırlanmasına aidiyyəti sahələrdə biliyə malik şəxslərin, elm adamlarının, təhsil müəssisələrinin yüksəkixtisaslı kadrlarının cəlb olunması təmin edilib. Təlimlərin yüksək səviyyədə keçirilməsi diqqət mərkəzində saxlanılıb, bu məqsədlə ötən il, ümumilikdə, 17 mütəxəssis təlimçi qismində dəvət olunub. Təlimçi-ekspertlər Maliyyə Nazirliyinin əməkdaşları ilə yanaşı, əsasən, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları olublar.
Əsasnaməyə uyğun olaraq mərkəz tədris plan və proqramlarını, elmi-metodik sənəd və tədris vəsaitlərini nəşr etdirmək işini də həyata keçirir. Belə ki, 2018-ci ildə Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə beynəlxalq təcrübənin öyrənilməsində mühüm əhəmiyyətə malik olan “Maliyyə-iqtisad terminlər lüğəti” nəşr etdirilib. Görülən işlər sırasında dinləyicilərin gündəlik fəaliyyətlərində onlara faydalı olacaq təlim materiallarını özündə əks etdirən məlumatların kitab şəklində çap edilməsi də var. Həmin kitablar təlimin sonunda vəsaitlərə ehtiyac duyanlara paylanılır. Bundan əlavə, təlimin istiqamətlərinə uyğun modullar haqqında qısa məlumatdan ibarət bukletlər hazırlanıb dinləyicilərin istifadəsinə verilib. Ümumilikdə, fəaliyyət dövründə mərkəz tərəfindən 1 lüğət, 10 istiqamətdə 400 tədris materialı, 2 istiqamətdə 165 buklet və 500 nüsxədə məlumat kitabçası nəşr olunub.
Ötən müddətdə “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təlimlərin təşkili ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası istiqamətində görülən tədbirlərin davamı olaraq 2018-ci il dekabrın 11-də mərkəzin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində ilk təlim keçirilib. Tədbirdə müvafiq ixtisasda təhsil alan 100-dən çox tələbə iştirak edib, fəal tələbələrə fərqləndirici sertifikatlar və plaketlər verilib, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş kitablar təqdim olunub. Gələcəkdə bu cür layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2018-ci il mayın 18-də Naxçıvan şəhərində kiçik və orta sahibkarlıq subyektləri üçün keçirilən təlimin və həmin il dekabrın 14-də “Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatının tətbiqi” ilə bağlı təlimin təşkilatçılığında fəal iştirak edib.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş bir sıra əlavə və dəyişikliklərin büdcə təşkilatlarında tətbiqinin təmini və məsələ ilə bağlı ətraflı izahın verilməsi məqsədilə mərkəz tərəfindən keçirilən təlimlər 2019-cu il yanvarın 7-11-də, gündə iki dəfə təşkil olunaraq, ümumilikdə, 187 büdcə təşkilatından 252 maliyyə və mühasibatlıq işçisini əhatə edib. Büdcə təşkilatları ilə yanaşı, sözügedən qanunvericilikdəki dəyişikliklərin həm də sahibkarlıq subyektlərində tətbiqini təmin etmək üçün Maliyyə və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə bu il yanvarın 14-18-də Naxçıvan Biznes Mərkəzində təlimlər təşkil olunub və muxtar respublikada fəaliyyət göstərən 580 müəssisədən 702 sahibkar və maliyyə-mühasibatlıq işçisini əhatə edib.