İQTİSADİYYAT


Maliyyə Tədris Mərkəzində təkmilləşdirici təlimlər keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 20-24-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Elm Tədris Mərkəzinin Sertifikatlaşdırma və İmtahanların təşkili şöbəsinin müdiri Gülşən Orucova Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçib. Təlimdə Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Statistika Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin baş mühasibləri daxil olmaqla büdcə təşkilatlarında çalışan 13 mütəxəssis iştirak edib.

Maliyyə Elm Tədris Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təlimi giriş sözü ilə açan Mərkəzin direktoru Mehriban İmanova müəssisənin fəaliyyəti haqqında məlumat verib, təlimin keçirilməsinin zəruriliyi və mahiyyəti barədə danışıb. Bildirib ki, qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsini tələb edir. Bu tələblərə cavab vermək üçün mühasiblərin və maliyyə mütəxəssislərinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklərinin artırılması və beynəlxalq təcrübənin öyrənilməsi qarşıda duran əsas vəzifə sayılır. İstər ölkə daxili, istərsə də beynəlxalq səviyyədə ikitərəfli əməkdaşlıqların möhkəmləndirilməsi bu vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın tədris və təlim proseslərinin yeni dövrün tələblərinə uyğun qurulması, mütəxəssislərin təlim proseslərinə cəlb edilməsi, təcrübə mübadiləsinin aparılması və müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində faydalı olacağı qeyd edilib.

Dörd moduldan ibarət olan təlimdə peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları, büdcə təşkilatlarında baş verən müxtəlif əməliyyatların memorial order forması əsasında sintetik uçotunun aparılması, əsas fondların və qeyri-maddi aktivlərin amortizasiyasının uçotu, təmir məsrəfləri, aktiv və öhdəliklərin inventarizasiyasının mühasibat uçotunda əks etdirilməsi qaydaları, həmçinin Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının tərtib və təqdim edilməsi həm nəzəri, həm də praktiki olaraq izah olunub.

Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra, dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.