İQTİSADİYYAT


Maliyyə naziri BVF, Dünya Bankı və üzv ölkələrin nümayəndələrini Ermənistanın növbəti hərbi təcavüzü ilə bağlı məlumatlandırıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə rəhbəri Samir Şərifov BVF və Dünya Bankının illik toplantıları çərçivəsində videokonfrans formatında təşkil olunmuş Azərbaycan Respublikasının da daxil olduğu Səsvermə Qrupunun iclasında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla yanaşı, sözügedən qrupa daxil olan İsveçrə, Polşa, Serbiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın, həmçinin BVF və Dünya Bankının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda COVID-19 pandemiyasının qlobal iqtisadiyyatda, ələlxüsus üzv ölkələrin iqtisadiyyatlarında yaratdığı problemlər və bu problemlərin həlli istiqamətində BVF və Dünya Bankı tərəfindən həyata keçirilmiş dəstək tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə pandemiyanın neqativ təsirlərinin azaldılması və bərpa prosesinin sürətləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

İclasda çıxış edən S.Şərifov qrupa daxil olan ölkələrin, BVF və Dünya Bankının nümayəndələrini sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı məlumatlandırıb. Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı həyata keçirilən genişmiqyaslı hərbi təcavüzün hazırkı pandemiya şəraitində müharibəyə səbəb olduğunu qeyd edən nazir bildirib ki, mənfur hücumlar nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələri intensiv olaraq iriçaplı silahlardan, minaatanlardan, müxtəlif çaplı artilleriya qurğularından, ballistik raketlərdən atəşə tutulması nəticəsində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb. Xüsusi vurğulanıb ki, dayanıqlı sülhün əldə edilməsi üçün 30 ilə yaxındır davam edən erməni işğalına son qoyulmalı, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməli və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmalı, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Qeyd edilib ki, yalnız bu əsaslar üzərində regionda dayanıqlı və davamlı sülh bərqərar olunacaq, azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıdacaq, Azərbaycan xalqı ilə erməni xalqının Dağlıq Qarabağda birgə yaşaması üçün şərait yaradılacaq.

Maliyyə naziri, həmçinin BVF və Dünya Bankı tərəfindən üzv ölkələrə pandemiyanın mənfi təsirlərinin qarşısının alınmasında göstərilən operativ və adekvat dəstəyi təqdir edib, onun qlobal iqtisadi böhranla mübarizəyə töhfə verəcəyinə əminliyini bildirib.

S.Şərifov ölkəmizin BVF və Dünya Bankı ilə əməkdaşlığını uğurla davam etdirdiyini bildirərək hər iki qurum tərəfindən həyata keçirilən texniki dəstək proqramlarının fiskal və monetar siyasət çərçivələrinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.