İQTİSADİYYAT


Maliyyə naziri Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısında iştirak edəcək

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 30-dan iyulun 1-dək Rusiyanın Soçi şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 20-ci İllik Toplantısı keçiriləcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İllik Toplantıda Azərbaycanı bankın Rəhbərlər Şurasının üzvü, maliyyə naziri Samir Şərifov təmsil edəcək.

Toplantıda Rəhbərlər Şurası tərəfindən Bankın fəaliyyəti qiymətləndirilərək 2017-ci il üzrə maliyyə hesabatları təsdiq ediləcək, habelə xalis gəlirin istifadəsinə dair qərar qəbul ediləcək.

Rəhbərlər Şurasının iclasında 2015-2018-ci illəri əhatə edən ölkə strategiyalarının nəticələri, üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb.

Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında maliyyə naziri Samir Şərifov təmsil edir. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.