İQTİSADİYYAT
Maliyyə savadlılığı ilə bağlı növbəti vebinarlar keçirilib
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar istehlakçıların maliyyə savadlılığının və eyni zamanda maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Maliyyə Sabitliyi Şurasının qərarı ilə Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Bank Tədris Mərkəzi arasında imzalanmış müvafiq tədbirlər planı əsasında əhalinin kreditlə izafi borclanmasının qarşısının alınması üçün cari ilin iyun–iyul aylarında onlayn təlimlər təşkil edilib.
Belə ki, “Əhalinin izafi borclanmasının yaradacağı mümkün risklərin idarə olunması” mövzusu üzrə kommersiya banklarının rəhbər işçiləri, “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusu üzrə tələbələr, jurnalistlər, media işçiləri və vətəndaş cəmiyyəti institutları, “Sahibkarın pul axını və kredit” mövzusu üzrə bank mütəxəssisləri təlimlərə cəlb olunub, mövzularla əlaqədar müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Əhatəliliyin artırılması üçün “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusunda onlayn təlim modulu hazırlanaraq Mərkəzi Bankın Virtual Təhsil Platformasında yerləşdirilmiş (https://edu.e-cbar.az/course/view.php?id=97) və geniş auditoriyanın istifadəsinə verilib.
Qeyd edək ki, Mərkəzi Bank sözügedən Strateji Yol Xəritəsinin icrasına uyğun bank sektoru mütəxəssislərinin və eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərini davam etdirir.