DÜNYA
Malkolm Ternbull Avstraliyanın Baş naziri qalmaq istəsə də, siyasi vəziyyət fərqlidir
Tokio, 3 iyul, AZƏRTAC
Avstraliyanın Baş naziri Malkolm Ternbull bəyan edib ki, tutduğu vəzifəni tərk etmək niyyətində deyil və rəhbərlik etdiyi hakim Liberal-Milli koalisiyanı 2019-cu il seçkilərində qələbəyə aparmağı düşünür.
İyulun 3-də jurnalistlərlə görüşən M.Ternbull deyib: “Mən hələ uzun müddət Baş nazir qalmaq niyyətindəyəm. Düşünürəm ki, sizlərdən bəziləri mənim 62 yaşım olduğunu və artıq bu vəzifə üçün yaşlı olduğumu fikirləşir. Lakin sizi əmin edirəm ki, mən hələ uzun müddət Baş nazir olacağam. Biz 2019-cu il seçkilərinə birlikdə gedərək qalib gələcəyik”.
Hökumətin başçısı belə bir bəyanatla yaşının çoxluğu ilə əlaqədar deyil, son vaxtlar Liberal Partiyada liderin dəyişməsi barədə yayılan şayiələrlə əlaqədar çıxış edib. M.Ternbull özü 2015-ci ilin sentyabrında hakim partiya daxilində baş verən “saray çevrilişi” nəticəsində sabiq Baş nazir Toki Abbottu devirərək vəzifəyə gəlib.
Ötən ilin iyulunda T.Abbott parlamentə seçilərək burada sıravi deputat yeri qazana bilib. Bundan sonra o, hakim partiyanın rəhbərliyini sıravi üzvlərin fikirlərini nəzərə almamaqda günahlandırır.
Hazırki Baş nazirin vəziyyətini xroniki hal almaqda olan hakim koalisiyanın əsas siyasi rəqibi Leyboristlər Partiyasından (LP) geri qalması da ağırlaşdırır. 2015-ci ildə M.Ternbull hakimiyyətə gələndə o, belə bir faktı yolverilməz hesab etmişdi ki, onun rəqibinin başçılıq etdiyi hökumət “Newspoll” xidmətini keçirdiyi 30 sorğunun hamısını LP-yə uduzmuşdu. Son vaxtlar M.Ternbullun rəhbərlik etdiyi hökumət də artıq 14 sorğunu dayanmadan siyasi rəqiblərinə uduzur.
Hazırda Avstraliya federal parlamenti qış tətilindədir. Baş nazir isə Almaniyada keçiriləcək G20 sammitinə getməyə hazırlaşır.
Ölkənin siyasi mənzərəsinin təhlilini aparan “Australian” qəzeti yazır: “Əminliklə demək olar ki, yaxın günlərdə liberal parlamentarilərin müzakirələrinin əsas mövzusu devirmək, yoxsa devirməmək sualı ətrafında olacaq. Onların artıq çox az hissəsi M.Ternbullun onları qələbəyə apara biləcəyinə inanır”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio