İQTİSADİYYAT


Malların dəyərinin alıcının bank kartından satıcının bank kartına ödənilməsinə məhdudiyyət qoyulurmu?

Malların dəyərinin alıcının bank kartından satıcının bank kartına ödənilməsinə məhdudiyyət qoyulurmu?

Bakı, 16 yanvar, AZƏRTAC

Mənfəət vergisi ödəyicisi olan mikro sahibkarlıq subyekti hüquqi şəxsin dublikat şəhadətnamə əsasında açılmış biznes kartının hesabına vergi ödəyicisi olmayan fiziki şəxslərdən malların təqdim edilməsinə görə "card to card" vasitəsilə ödənişlər zamanı buna qanunvericilik yol verirmi?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasan, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi qanunvericiliyinə görə, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergiödəyicilərinin vəzifəsidir.

Qeyd olunan halda isə malların dəyərinin alıcı tərəfindən bank kartı vasitəsilə satıcının bank kartına ödənilməsinə görə hər hansı məhdudiyyət və ya maliyyə sanksiyası nəzərdə tutulmayıb.

Lakin Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergiödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, üç və daha çox yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.