İQTİSADİYYAT
Malların ixracından banklara daxil olan vəsait barədə məlumatların ötürülməsi müddəti 2 həftəyədək uzadıla bilər
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bank nümayəndələri ilə keçirilən görüşdə malların ixracından banklara daxil olan vəsait barədə məlumatların MBNP-ya ötürülməsi prosesi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə palatanın mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Bildirilib ki, banklarda gömrük bəyannaməsinin nömrəsinin olmaması və ixrac edilmiş malların dəyəri barədə Dövlət Gömrük Komitəsindən məlumatın banklara vaxtında daxil olmaması gecikmələrə səbəb olur.
MBNP bu prosesi sadələşdirmək üçün məlumatın ötürülməsi müddətinin 2 həftəyədək uzadılmasını təklif edir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, Dövlət Gömrük Komitəsi 180 gün ərzində ixrac edilmiş malların dəyəri barədə banklara məlumat verməli, banklar isə 3 gün ərzində sözügedən məlumatları MBNP-yə təqdim etməlidir.
Görüşdə MBNP-nin baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov, Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov, Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq" üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov və kommersiya banklarının nümayəndələri iştirak edib.
Xatırladaq ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.