İQTİSADİYYAT
Malta Televiziyasında Azərbaycanın bu ölkə üçün iqtisadi əhəmiyyətindən bəhs edilib VİDEO
Valletta, 9 noyabr, AZƏRTAC
Malta Televiziyasının (TVM) xəbərlər proqramında TAP layihəsinin önəmindən bəhs edən reportaj yayımlanıb. Reportajda vurğulanır ki, Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsinin reallaşmasının enerji mənbələrinin şaxələndirilməsinə, Maltanın enerji bazarında qiymətlərə təsir göstərəcəyi və bu ölkə üçün faydalı nəticələr verəcəyi gözlənilir.
Reportajda Azərbaycanın İtaliya, San-Marino və Maltadakı səfirliyinin müşaviri Vüqar Hacıyevin müsahibəsinə də yer verilib. O, Azərbaycan-Malta əlaqələrinin genişlənməsində enerji layihələrinin rolundan danışıb. Bildirib ki, TAP layihəsi ikitərəfli münasibətlərimizin inkişafına geniş imkan yaradacaq.
Diplomat diqqətə çatdırıb ki, Azərbaycan ilə Malta arasında energetika, ticarət, investisiya, turizm və təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar var. Malta ilə iqtisadi əlaqələrimiz regional əməkdaşlığa töhfə verə bilər. Ölkələrimiz arasında müxtəlif səviyyələrdə çox fəal təmaslar mövcuddur. Maltanın Baş naziri Cozef Muskatın Azərbaycana səfərləri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı müvafiq istiqamətlərdə səmərəli müzakirələr aparılıb.
V.Hacıyev Azərbaycan Dövlət Neft Şirkətinin iştirak etdiyi Maltanın “Electro Gas” Konsorsiumunun yeni elektrik stansiyasının tikintisinin əməkdaşlığımızın inkişafına xidmət edəcəyini qeyd edib. Diplomat, eyni zamanda, ölkəmizdə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətindən də danışıb. Bildirib ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan əhalisinin istehlak etdiyi malların əksəriyyəti xaricdən idxal olunurdu və büdcənin 90 faizini enerji ehtiyatlarından əldə olunan gəlirlər təşkil edirdi. Hazırda isə istehlak mallarının böyük bir qismi Azərbaycanda istehsal olunur, iqtisadiyyatımızda qeyri-neft sektorunun payı artaraq 60 faizə çatıb. Ümumiyyətlə ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritet məsələlərdəndir. Digər tərəfdən, külək və günəş enerjisi kimi alternativ enerji mənbələrindən istifadə imkanları nəzərdən keçirilir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Valletta