REGİONLAR
Mamırlı şəlalənin ərazisində təmizlik aksiyası keçirilib
Qax, 25 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Hər il 27 sentyabr tarixi dünyada Turizm Günü kimi qeyd olunur. Pandemiya dövründə təmiz və sağlam mühitdə istirahət etmək, turizm marşrutlarının təmiz saxlanılması əsas tələbə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dünya Turizm Günü münasibətilə Şəki Destinasiya Menecmenti Təşkilatının (DMT) və Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 25-də Qax rayonunun Ləkit kəndində yerləşən Mamırlı şəlalənin ərazisində təmizlik aksiyası keçirilib.
Şəlalənin yerləşdiyi Ləkit kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Kəndin yaxınlığında yerləşən V əsrə aid Dairəvi məbəd və VI-VII əsrlərə aid Yeddi kilsə-monastr kompleksi tarixilik baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mamırlı şəlalə Ləkit kəndinin ən çox ziyarət olunan əsrarəngiz təbiət guşələrindəndir. Hündürlüyü 15, eni 30 metr olan şəlalənin süzüldüyü qayaların üzəri tamamilə yaşıl mamırla örtülüb. Qayalardan süzülüb gələn suyun şırıltısı, ətrafa sıçrayan su damcıları insana xoş əhval-ruhiyyə bəxş edir. Ləkit kəndindən 1,5 kilometr aralıda, meşəlik ərazidə yerləşən Mamırlı şəlalə Nazirlər Kabinetinin 2006-cı il 5 avqust tarixli qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.
Aksiya zamanı kənddən şəlaləyə gedən yol və şəlalənin ərazisi tullantılardan təmizlənib. Ziyarətçilərin təmizliyə riayət etmələri və ətraf mühitə qarşı daha diqqətli olmaları üçün kəndin ərazisində Şəki Regional Turizm İnformasiya Mərkəzi tərəfindən hazırlanmış xəbərdarlıq, yol nişanları yerləşdirilib, zibil konteyneri qoyulub. Aksiyada Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri və kənd sakinləri də fəal iştirak ediblər.
Şəki Destinasiya Menecmenti Təşkilatının direktoru Səbinə Yadullayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, açıq havada keçirilən təmizlik aksiyasının məqsədi, eyni zamanda, ziyarətçiləri təmizliyə riayət etməyə təşviq etmək, məlumatverici lövhələrlə əsrarəngiz təbiət abidəsinin qorunmasının vacibliyini sakinlərin və turistlərin diqqətinə çatdırmaq, yerli və xarici turistlərin ərazidə hərəkətini asanlaşdırmaqdır.