DÜNYA


Mamuka Baxtadze: Rusiya qazının Gürcüstan ərazisindən Ermənistana nəqli ilə bağlı prinsipial şərtlərimiz var

Bakı, 12 mart, AZƏRTAC

Rusiya təbii qazının Gürcüstan ərazisindən Ermənistana tranzitinin yeni şərtləri ilə bağlı Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi ilə “Qazprom-eksport” şirkəti arasında danışıqlar başa çatıb. AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze bəyan edib.

Baş nazir keçirdiyi mətbuat konfransında qeyd edib ki, Gürcüstan sonuncu dəfə “Qazprom”la 2017-ci ilin yanvarında iki il müddətinə müqavilə imzalayıb. Həmin sənədin müddəti ötən il dekabrın 31-də başa çatıb. Əvvəlki müqavilənin şərtlərinə görə, birinci il Gürcüstan qaz tranzitinə görə 10 faizlik gəlirinin bir hissəsini xammal şəklində, ikinci il isə nağd pulla alırdı. M.Baxtadze deyib: “Danışıqlar başa çatıb. İqtisadiyyat Nazirliyinin danışıqlarda hansı prinsipləri rəhbər tutduğunu xatırlatmaq istəyirəm: birincisi, şübhəsiz ki, bizim enerji müstəqilliyimiz, ikinci prinsip isə, bu müqavilədə bizim mövqeyimizin yaxşılaşdırılmasıdır. Danışıqlar bu prinsiplərə tam əməl olunması nəzərə alınaraq keçirilib”. Baş nazir əlavə edib ki, danışıqların detalları hökumətin iclasından sonra açıqlanacaq və İqtisadiyyat Nazirliyi xüsusi bəyanatla çıxış edəcək.

Xatırladaq ki, Gürcüstan 2017-ci ildən bəri Rusiyadan təbii qaz idxal etmir və bu ölkəni mavi yanacaqla Azərbaycan təmin edir. Ermənistan isə yeni müqaviləyə əsasən Gürcüstan ərazisindən tranzitlə Rusiyadan 2,5 milyard kubmetr qaz almağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.