SİYASƏT


Mançesterdə Azərbaycan icması ilə görüş keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Birləşmiş Krallığa səfəri çərçivəsində Mançester şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Mançester və ətraf şəhərlərdə yaşayan soydaşlarımız, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin I katibi Nicat Quliyev, Şimali İrlandiyada Birləşmiş Krallıq üzrə Azərbaycanlıların Koordinasiya Şurasının və türk icmasının üzvləri, eləcə də Güney Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mançesterdə Azərbaycan icmasının üzvləri ilə ilk dəfədir görüş keçirildiyini xatırladaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib. Tovuz hadisələri, Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərini Birləşmiş Krallıq ictimaiyyətinə çatdıran, Vətənimizin müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə birlik və həmrəylik göstərərək böyük işlər görən icma üzvlərinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən icma üzvləri diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş şəkildə çatdırılması və gələn ilki fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Görüş soydaşlarımızın suallarının cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.