DÜNYA


“Manqxut” qasırğası Çində ciddi fəsadlara səbəb olub, ölənlər var VİDEO

Pekin, 16 sentyabr, AZƏRTAC

Cənubi Çin dənizində müşahidə olunan “Manqxut” qasırğası Filippindən sonra Çinin cənub sahillərinə yaxınlaşıb.

AZƏRTAC xəbər verir ki, sürəti saatda 160 kilometrə çatan külək və güclü yağışlar Çinin Quandun və Quansi Cuan vilayətlərində, Xaynan adasında, Honqkonq və Makao xüsusi inzibati ərazilərində həyatı iflic edib. Yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata görə, Quandun vilayətində qasırğanın törətdiyi fəsadlar nəticəsində 2 nəfər ölüb, 200-dən çox sakin yaralanıb. Honqkonqda 213, Makaoda isə 15 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Qasırğa xəbərdarlığı ilə əlaqədar ümumilikdə 2,45 milyon nəfər təxliyə edilib, 48 min balıqçı gəmisi dənizdən sahilə çağırılıb, 29 mindən çox tikinti sahəsində və 623 turizm obyektində işlər dayandırılıb.

Xaynan adasındakı iki hava limanından 400 uçuş təxirə salınıb, Şencen, Quancou və Cuxay aeroportlarının fəaliyyəti tam dayandırılıb. Qasırğanın törədə biləcəyi fəsadları nəzərə alan sakinlər xeyli miqdarda ərzaq almağa can atıblar. Nəticədə bəzi yerlərdə ərzaq çatışmazlığı yaranıb. Bəzi yaşayış məntəqələrində qarşıdakı 2 gün müddətində məktəblərdə tətil elan edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.