İDMAN
Maqnus Karlsen: Liderliyə yüksəldiyim üçün çox sevinirəm



Şəmkir, 21 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Şəmkirdə beynəlxalq qrossmeyter Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində 5-ci turun görüşləri davam edir.
AZƏRTAC xəbər verir ki, “Synergy Group”un təşkilatçılığı ilə keçirilən yarışın 5-ci turunda dünya çempionu Maqnus Karlsen Fransa təmsilçisi Maksim Vaşye-Laqrava qalib gələrək liderliyə yüksəlib.
Norveçli şahmatçı qələbə barədə təəssüratlarını bölüşərək deyib: “Nəzəri gedişlərdən uzaq görüş oldu. Qələbə ədalətlidir. Dördüncü gedişdə debütdən çıxaraq rahat oynamağa başladım. Bu, əvvəlcədən hazırladığım taktika deyildi. Liderliyə yüksəldiyim üçün çox sevinirəm. Hələ yarışın sonu deyil. Qarşıda bizi istirahət günü, sonra isə 4 tur gözləyir”.
Fransa şahmatçısı Maksim Vaşye-Laqrav isə oyun barədə bildirib: “Partiyanın əvvəlində təhlükə hiss olunmurdu. Maqnus çox ağıllı oynadı və sonda qalib gəldi. Düzünü desəm, məğlub olmaq çox pisdir. Turnirdəki vəziyyətim yaxşı deyil. Son turlardakı nəticədən asılı olmayaraq, yüksək yerlər uğrunda yarışmaq imkanım yoxdur. Amma sona qədər mübarizə aparacam. Şəmkirdə zəif rəqib yoxdur. Buna görə də qələbə qazanmaq çətindir".