İDMAN
Maqnus Karlsen: “Shamkir Chess” turnirinin karyeramda özünəməxsus yeri var
Bakı, 8 aprel, AZƏRTAC
Sergey Karyakin ilə oyun maraqlı alındı. O, risk etdi və açıq mübarizə apardı. Bu qələbə mənə yarışda qalib olmağa imkan verdi. Vaxtından əvvəl qələbə qazanmaq çox sevindiricidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin səkkizinci turunda Sergey Karyakinə qalib gələrək vaxtından əvvəl çempionluğu bayram edən norveçli dünya çempionu Maqnus Karlsen deyib.
Turnirin başa çatmasına bir tur qalmış qalib olan M.Karlsen qeyd edib: “Beş il əvvəl ilk dəfə “Shamkir Chess” superturnirində qələbə qazanmağı düşünürdümsə, indi bu titulu qorumaq istəyirəm.
Superturnirlə bağlı təəssüratlarını bölüşən dünya çempionu deyib: “Shamkir Chess” turnirinin karyeramda özünəməxsus yeri var. Dörd dəfə bu yarışda çempion olmuşam. Ona görə də burada şahmat oynamaq həmişə xoş hisslər yaradır. Şəmkirdə əksər insanları hər il yarışda görürəm. Şəmkir deyəndə həm də buradakı şahmat ailəsini xatırlayıram. Mənə göstərilən diqqətə görə təşəkkür edirəm”.
M.Karlsen Vüqar Həşimov memorialında təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd edərək bildirib: “Bu turnirdə şahmat oynamaq üçün əla şərait yaradılıb. Bəzən turnirlərdə xırda işləri həll etmək məcburiyyətində qalırsan. Şəmkirdə isə ancaq şahmat haqqında düşünürsən. Şəmkirə gəlmək həmişə xoşdur”.
Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olmaq arzusunu ifadə edən M.Karlsen Bakıya gəldiyində akademiyaya baş çəkəcəyini deyib.