İDMAN
Maradona Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini növbəti dəfə tənqid edib
Bakı, 25 iyun, AZƏRTAC
Dünya futbolunun əfsanəsi Diyeqo Maradona Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini növbəti dəfə tənqid edib.
AZƏRTAC xəbər verir ki, Maradona həmyerlilərinin Rusiyada keçirilən dünya çempionatındakı uğursuz çıxışının səbəbkarı kimi baş məşqçini qeyd edib.
“İnsanlar inanırdılar ki, Sampaoli kompüter, dronlar və 14 köməkçisi sayəsində problemi həll edəcək. Argentina nə oynadığını bilmir. Komandada heç bir ideya yoxdur – nə yarımmüdafiədə, nə müdafiədə, nə də hücumda. Xorvatiya ilə görüşdə də biz buna şahid olduq”, - deyə Maradona əlavə edib.
Maradona baş verənlərə görə, federasiya rəhbəriyini də günahlandırıb: “Federasiyaya futboldan kənar adamlar rəhbərlik edirlər. Onların heç bir planı yoxdur. Hər şeyi özbaşına buraxıblar. Mən Argentinanın son məşqinə qatılmaq istəyirəm. Futbolçulara başa salım ki, milli komandanın formasını geyinmək nə deməkdir. Messi necə lazım idisə, elə də oynadı. Bir nəfərin bütün komandanın problemini təkbaşına həll etməsi çox çətindir”.
Xatirladaq ki, Argentina milli komandası dünya çempionatının “D” qrupunda yer alır. Onlar ilk turda İslandiya yığması ilə heç-heçə (1:1), ikinci turda isə xorvatlara böyük hesabla məğlub olublar (3:0). Argentina iyunun 26-da sonuncu turda Nigeriya yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.