DÜNYA
Mariano Raxoy İspaniya hökumətinin başçısı qismində and içib
Bakı, 31 oktyabr, AZƏRTAC
Mühafizəkar Xalq Partiyasının lideri Mariano Raxoy İspaniya hökumətinin sədri qismində and içib. Mərasim Madrid şəhərindəki “Sarsuela” kral iqamətgahında monarx VI Filippin iştirakı ilə baş tutub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Raxoy Tövratın yanında qoyulmuş İspaniya konstitusiyasına əlini qoyaraq “öz vəzifəsini vicdanla yerinə yetirəcəyinə” və “krala və konstitusiyaya sadiq qalacağına” and içib. Xalq Partiyasının 61 yaşlı lideri 2011-2015-ci illərdə də hökumət başçısı postunu tutub.
Baş nazirin noyabrın 3-də yeni hökumətin heyətini təqdim edəcəyi gözlənilir.
Xatırladaq ki, oktyabrın 29-da Deputatlar Konqresi (parlamentin aşağı palatası) ikinci səsvermənin gedişində Raxoyun Baş nazir postuna namizədliyini təsdiqləyib.
İspaniyada artıq 10 ay idi ki, daimi hökumət formalaşdırmaq mümkün olmurdu. Belə ki, parlamentdə təmsil olunan partiyalar kabinetin qurulması məsələsinə dair razılığa gələ bilmirdi. Bu səbəbdən ölkədə iki dəfə - ötən il dekabrın 20-də və bu il iyunun 26-da parlament seçkilər keçirilmişdi.
İspaniya Sosialist İşçi Partiyasının federal komitəsinin parlamentdə Raxoyun əleyhinə səs verməmək və bitərəf qalmaq qərarı ölkədə üçüncü seçkinin qarşısını alıb. Lakin Xalq Partiyasının ənənəvi rəqibi olan İspaniya Sosialist İşçi Partiyasının üzvləri güzəştə getməklə razılaşmayıb ki, bu da sosialistlərin düşərgəsində ciddi partiyadaxili böhran və baş katib Pedro Sançesin istefası ilə nəticələnib.