MƏDƏNİYYƏT
Marina Bouer: Azərbaycanla dostluğumun böyük tarixi var VİDEO
Paris, 21 sentyabr, AZƏRTAC
Azərbaycanla dostluğumun böyük tarixi var. Bütün intellektual irsini mənə miras qoymuş maestro Yevgeni Svetlanov bəstəkar Qara Qarayevlə dost olub. O, mənə bəstəkar Qara Qarayevlə dostluğundan çox danışıb. Qara Qarayevin böyük bəstəkar olduğunu deyirdi.
Bu fikirləri Yevgeni Svetlanov Beynəlxalq Dirijorlar Müsabiqəsinin təsisçisi Marina Bouer “Transsiberien” festivalına həsr edilmiş mətbuat konfransından sonra AZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, Y. Svetlanovla Qara Qarayev haqqında söhbətlərdən 20 ildən çox keçməsinə baxmayaraq, həmin söhbətlər xatirəsinə həkk olunub və onları unutmur.
“Yevgeni Svetlanov Beynəlxalq dirijorlar müsabiqəsini təsis etməklə maestronun gəncləri təşviq etmək arzusunu reallaşdırmağı düşündüm. Ancaq dostların köməyi olmadan bu mümkün deyil. Dünyanı mədəniyyət xilas edəcək, iqtisadiyyat yox. Çünki güclü iqtisadiyyat üçün güclü mədəniyyət olmalıdır. Azərbaycanın Fransadakı səfirliyinə, Heydər Əliyev Fonduna təşəkkür edirəm, onlarla çox sıx əməkdaşlığımız var.
Fransanın bütün radioları ilə tərəfdaşlıqda təşkil etdiyimiz Yevgeni Svetlanov adına IV Beynəlxalq Dirijorlar Müsabiqəsində də Azərbaycanı təqdim etmək üçün yaxşı şans var idi. Həmin müsabiqədən istifadə edib Qara Qarayevə həsr edilmiş verilişlər silsiləsi Fransa radiolarında səsləndirildi”,-deyə M.Bouer diqqətə çatdırıb.
Qeyd edib ki, Lill şəhərində keçiriləcək “Transsiberien” gənclər festivalının təşkilati işlərini müzakirə edəndə məşhur skripkaçı Vadim Repin Qara Qarayevin əsərlərindən söz açdı və qərara alındı ki, festivalın açılışında “Yeddi gözəl” baletindən vals ifa olunacaq.
M. Bouer vurğulayıb ki, Bakıya heyrandır və onu çox sevir. Bakıda Mstislav Rostropoviç Festivalı haqqında xatirələrini bölüşüb. Bu festivalın çox yüksək səviyyədə təşkil olunduğunu, orada tanınmış orkestrlərin iştirakından danışıb.
“Heydər Əliyev Fondu bütün tədbirlərini yüksək səviyyədə təşkil edir. Fondla əməkdaşlığımız təsadüfi deyil. Bizi eyni məqsəd birləşdirir”,- deyə Marina Bouer bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris