İDMAN
Marina Durunda və Azərbaycanın gimnastika üzrə qrup komandası Macarıstanda keçirilmiş dünya kuboku yarışlarının qalibləridir VİDEO
Bakı, 17 mart (AZƏRTAC). Macarıstanın Debretsen şəhərində gimnastika üzrə dünya kuboku yarışlarında Azərbaycan gimnastı Marina Durunda qalib gəlmişdir.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakıda keçiriləcək Avropa çempionatının gələcək iştirakçısı Marina halqa ilə təmrinlərin finalında 17,6 bal toplayaraq Ukraynadan və Rusiyadan olan əsas rəqiblərinə heç bir şans saxlamamışdır. Onun çox mürəkkəb proqramı, parlaq geyimi, hakimlərin yüksək qiymətləri və tamaşaçıların alqış sədaları Macarıstan arenasında Azərbaycan bayrağının qaldırılmasına və milli himnimizin səslənməsinə gətirib çıxarmışdır.
Üzeyir Hacıbəylinin möhtəşəm musiqisinin sədaları altında ikinci dəfə tamaşaçılar qarşısına çıxan gimnastlarımızın sayı fərdi turnirdəkindən altı dəfə çox olmuşdur. Qrup komandamız bir həftə əvvəl olduğu kimi yenə qalib gəlmiş, lakin bu dəfə çoxnövçülükdə bütün rəqiblərini geridə qoymuşdur. Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva 3 top və 2 lent ilə hərəkətlər proqramının icrasına görə üçüncü yeri tutmuşlar.
Yunior qızlarımız da Bakıda keçiriləcək Avro-2014 çempionatına hazırlaşırlar. Jalə Piriyeva və Züleyxa İsmayılova bu kubok yarışları ilə paralel olaraq keçirilən beynəlxalq turnirdə komanda hesabında bürünc medallar qazanmışlar. Bundan əlavə, Jalənin və Züleyxanın hər birinin aktivində daha bir bürünc medal var: Jalə halqa ilə hərəkətlərə görə, Züleyxa isə gürz ilə təmrinlərə görə.
Milli komandamızın baş məşqçisi Mariana Vasileva demişdir:
-Nilufər Niftəliyevanı da ayrıca qeyd etmək istərdim. Durunda ilə qoşa çıxış edən Nilufər ilk dəfə dünya kubokunun finalçıları sırasına çıxa bilmişdir. Bu yarışlarda onun yeddinci yeri tutması həm mütəxəssislər, həm də gimnastın özü üçün çox vacib faktdır. İyun ayında keçiriləcək Avropa çempionatında yığmamızın tərkibində çıxış etməyə digər iddiaçılar – Gülsüm Şəfizadə və yuniorka Beyza Dəmirin uğurları da bizi sevindirir. G.Şəfizadə Fransanın Kala şəhərində keçirilən beynəlxalq yarışlarda dörd finalın hamısında qalib gəlmiş və çoxnövçülükdə ikinci yeri tutmuşdur. Beyza Dəmir isə lent ilə hərəkətlərdə qalib gəlmişdir. Onu da demək lazımdır ki, Novruz bayramı günlərində biz Almaniyanın Ştutqart şəhərinə yola düşəcəyik. Öz avtomobilqayırma sənayesi ilə məşhurlaşmış bu şəhərdə dünya kubokunun növbəti mərhələsi keçiriləcək və ümid edirəm ki, biz bayram günlərində Bakıya bayram əhval-ruhiyyəsi ilə qayıdacağıq.
Bu arada Qərbi Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə “B” kateqoriyalı dünya kuboku yarışları başa çatmışdır. Həmin yarışlarda Azərbaycanın dörd nümayəndəsi çıxış edirdi. Düzdür, onlar mükafata layiq yerləri tuta bilməmişlər, lakin təkanla tullanma hərəkətində Marina Nekrasovanın finala çıxması və bürünc mükafatçıdan cəmi 0,7 bal geri qalaraq altıncı yeri tutması bu gimnastın böyük potensialına və may ayında Sofiyada keçiriləcək Avropa çempionatı ərəfəsində məşqçilərimizin daha böyük səylə işləməsinə dəlalət edir.