SİYASƏT


Marionet teatrı və ya “Azadlıq evi”ndə və “Azadlıq radiosu”nda “azadlıq”

Berlin, 8 fevral, AZƏRTAC

Siyasətdə gözlənilən əhvalatlar çox tez-tez baş verir. Adətən belə əhvalatların gözlənilən olması bir sıra indikatorların təhlilinə əsaslanır. Belə indikatorların ən əhəmiyyətliləri bu və ya digər subyektin – müəyyən dövlətin, ayrı-ayrı siyasətçilərin, siyasi partiyaların və ya beynəlxalq təşkilatların əvvəlki hərəkətləridir. Bu amillərin məcmusu çox vaxt həmin subyektin niyyətlərini də müəyyən edir. Niyyətlər isə adətən bu və ya digər dərəcədə qərəzli olur. Məhz ilbəil dəyişməyən qərəzlilik müvafiq təşkilatın və ya hökumətin proqnozlaşdırıla bilən olmasını daha da möhkəmləndirir.

Beynəlxalq “Freedom House” təşkilatı proqnozlaşdırılması asan olan belə subyektlərdən biridir. Bu təşkilatın mahiyyətini şəxsən mən yaxşı bilirəm. Gənclik illərimdə - müəyyən dərəcədə romantik bir insan olduğum vaxtda “Azadlıq radiosu” və “Freedom House” kimi təşkilatlarla əməkdaşlıq etmişəm. O vaxt (lap dəqiq desəm 1990-cı illər – 2000-ci illərin əvvəli) sayca o qədər də çox olmayan prestijli qərb universitetlərinin gənc məzunlarının vətəndə ürəyinə yatan iş tapması asan deyildi. Liberalizm barədə səthi biliklərdən sərməst olmuş və beynəlxalq təşkilatların xeyirxah niyyətlərinə sadəlövhcəsinə inanan, bu təşkilatların arxasında NƏYİN gizləndiyini və onları gizlincə KİMLƏRİN idarə etdiyini bilmədən onların tələsinə düşür və yetərincə sanballı məvacib müqabilində (həmin illərdə Azərbaycanda olmayan) onların sifarişlərini yerinə yetirir, səmimi qəlbdən inanırdılar ki, düzgün iş görürlər və universitetlərdə onlara öyrədiləni həyata keçirirlər.

Bəzən elə olurdu ki, təbəssümlü və avropasayağı nəzakətli işəgötürənlərin (yeri gəlmişkən, rəisin təbəssümlü və nəzakətli olması da həmin illərdə nədənsə Azərbaycanda qəhət idi və beynəlxalq təşkilatlarda gənc məzunları şirnikləndirirdi) həqiqi niyyətlərinin konturları iş prosesində cızılırdı. Təbii ki, bu, hər kəsə aid deyil – azərbaycanlıların çoxu belə təşkilatlarda işləməyi və onlarla əməkdaşlığı davam etdirir, məharətlə gizlədilən həqiqi niyyətləri görmürlər. Lakin özünün müşahidəçilik və indikatorları təhlil etmək, onları cəmləşdirərək düzgün əqli nəticə çıxarmaq bacarığına malik olanların qarşısında bir dilemma yaranırdı – bundan sonra nə etməli? Onların həqiqi niyyətlərini bilə-bilə onlarla işi davam etdirməli, yoxsa prinsipiallıq (gəlin, hər şeyi öz adı ilə adlandıraq – vətənpərvərlik) nümayiş etdirərək qapını çırpıb çıxıb getməli?

Sanballı məvacib və alternativin olmaması çoxlarının qabağını kəsirdi. Amma bunlar şəxsən mənim qabağımı kəsə bilmədi, hətta alternativin olmamasına baxmayaraq, mən qapını çırpıb getdim, riyakarlığı və ikili standartları ifşa olunanlara (yeri gəlmişkən, bu cəhətlər kənardan “pıçıltı” olmadan, müstəqil şəkildə ifşa edilmişdi) və həqiqi niyyətləri başa düşülmüş işəgötürənlərə qulluq göstərməkdən imtina etdim. Hətta məvacibimi xeyli artıracaqları barədə vədlər də məni saxlamaqda onlara kömək etmədi. Mənim son sözüm belə oldu: “Sizə mənim ölkəmdə demokratiya deyil, onun idarə edilə bilən olması lazımdır. Siz dövlətin liberallaşmasını yox, onun əsaslarının sarsıdılmasını istəyirsiniz. Məvacibimi hətta on qat artırsanız belə siz pul gücünə məni bu işdə iştiraka cəlb edə bilməyəcəksiniz”.

O vaxta qədər isə mən müxtəlif regionlar üzrə “Freedom House” üçün səliqəli məruzələr, “Azadlıq radiosu”nun hər dildə xidməti üzrə hesabatlar yazırdım. Bu məruzələrin necə yazıldığını mən işin içində olan adam kimi bilirəm. Burada hər hansı özfəaliyyətə icazə verilmir, sənə nə desələr yalnız onu yazmalısan. Allah eləməsin ki, göstərilən həddən kənara çıxasan. “Azadlıq radiosu”ndakı və “Azadlıq evi”ndəki “azadlıq” məhz bundan ibarətdir.

“Freedom House” təşkilatı da 2019-cu il üçün özünün növbəti, adəti üzrə “Dünyada azadlıq” adlanan hesabatında Azərbaycanı “azad olmayan” dövlətlərə aid edib. Şəxsən mən, heç bir etimada layiq olmayan bu təşkilatın iç üzünə bələd olan bir adam kimi bu xəbəri oxuyanda sadəcə gülməyim gəlir. Bəlkə də kimsə düşünür ki, məlumat həmin təşkilatdan gəlir və sonra hansısa “müstəqil tədqiqatın nəticəsi” kimi bütün dünyaya yayılır. Belə düşünənlər sadəlövhdürlər. Bu il hansı ölkənin azad, hansının qismən azad, hansının isə ümumiyyətlə qeyri-azad ölkə “təyin olunacağını” (məhz təyin olunacağını) bu təşkilatın rəhbərliyinə Vaşinqtondakı “əmilər” diktə edirlər. Həmişə belə olub. Əvvəlcə mənə deyirdilər ki, nə desələr onu edim, məni inandırırdılar ki, bu, düzgündür və belə də olmalıdır. Zaman keçdikcə başa düşdüm ki, məni bağışlayın, cənablar, amma bu, düzgün deyil və belə olmamalıdır! Biz ya obyektiv və bütün ölkələrə münasibətdə eyni standartlar əsasında tədqiqatlar aparırıq, ya da guya “tədqiqat apardığımızı” göstəririk, amma həqiqətdə yalnız “mərkəzdən” göstərişlər gözləyirik. Bax onda həqiqət anı başlanır. Belə kontorla əməkdaşlıq etməyin nə mənası vardı?

“Freedom House” özünü guya “müstəqil” təşkilat kimi göstərməyə çalışır, amma bunu onlarla işləmiş adamlara desəniz, bu, həmin adamlarda homerik gülüş doğuracaq. Hətta lətifəni xatırladan (bununla belə həqiqi) əhvalatlar da olurdu. Kollegiyanın iclasında “azad” və “qeyri-azad” ölkələrin təyin edilməsi məsələsi həll olunanda qəflətən telefon zəngi çalındı və rəis iclası təcili dayandıraraq fasilə elan etdi, yarım saatdan sonra isə hamını geri çağırdı və dəyişiklikləri elan etdi. Sonradan məlum oldu ki, həmin ölkə hansısa regional məsələdə ABŞ Dövlət Departamentinin şərtlərini qəbul edib və bununla əlaqədar həmin ölkəni bir pillə yuxarı qaldırmaq barədə göstəriş gəlib. Rəislərdən biri ümumiyyətlə Slovakiya ilə Sloveniya arasında fərqi bilmirdi – onu sadəcə “nəzarətçi” təyin etmişdilər ki, təşkilatda qayda-qanun olsun və hamı deyilənlərə əməl eləsin. Slovakiya ilə Sloveniyanın harada yerləşməsinə gəldikdə isə, məgər bunu bilmək vacibdirmi?

Bax beləcə, mənim əzizlərim, dünya xəritəsi rəngli karandaşlarla rənglənir. Onların çaldığı havaya oynamaqdan imtina etsən, səni qeyri-azad ölkə təyin edəcəklər, amma həmin havaya oynasan, səni Gülçatay kimi “sevimli arvad” elan edəcəklər.

Elə “Azadlıq radiosu” haqqında da bir kitablıq əhvalatlar danışa bilərəm! Orada necə “azadlıq” olması barədə, o barədə ki, hətta yeməkxanada nahar vaxtı əməkdaşlar pıçıltı ilə söhbət etməyə çalışırdılar ki, Allah eləməsin, masa arxasındakı qonşu sənin dediyini eşitməsin və ya bir başqa yolla sizin söhbətiniz yazılmasın. İlk baxışda heç nə baş vermədiyi halda neçə adam gözlənilmədən işdən qovuldu! Təkcə 1937-ci ildə olduğu kimi “üçlüyün” hökmü ilə güllələmə halları yox idi. Rəislər də kabinetlərdə adamları təpiklə döymür, həmişə gülümsəyirdilər. Qalan məsələlərdə “azadlıq” ovaxtkı kimi idi. “Azadlıq radiosu” əsla gizlətmir ki, ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və onun baxışlarını ifadə edir.

Buna görə də hər dəfə belə təşkilatların məruzələrini oxuyanda mənim çöhrəmdə təbəssüm yaranır. Bəzən hətta orada qalmış əməkdaşların dəstxətti də mənə tanış gəlir.

Bütün bunlar necə də tanış və proqnozlaşdırıla biləndir.

Bütün həmvətənlərimə məsləhət görürəm ki, bu məruzələrə və heç bir etimada layiq olmayan bu təşkilatlara yumorla yanaşsınlar. Bu, marionet teatrının adi truppasıdır. Bu teatrda gah tamaşalar göstərilir, gah da məruzələr yazılır. Hər iki halda sifarişlə və maliyyələşdirilməklə.

 

Vüqar Seyidov 

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.