MƏDƏNİYYƏT


Mariya Suvorovskaya: Bu kitabı sizlərin Azərbaycanı başqa prizmadan görməniz üçün ərsəyə gətirdim

Bakı, 9 dekabr, AZƏRTAC

Rusiya paytaxtında Mariya Suvorovskayanın “Üzümlüyün yanındakı ev” adlı kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, dekabrın 8-də Moskva vilayətindəki “Arxangelskoe” muzey-malikanəsində Mariya Suvorovskayanın “Üzümlüyün yanındakı ev” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

“Biznes-Dialoq-Media” nəşriyyat-kommunikasiya qrupunun baş direktoru, “Russian Business Guide” nəşrinin baş redaktoru, Moskva vilayəti Jurnalistlər İttifaqının İdarə Heyətinin üzvü, qadın-sahibkar, ictimai xadim, yazıçı Mariya Suvorovskayanı təkcə Rusiyada deyil, həm də Azərbaycanda yaxşı tanıyırlar. Yazıçı özünün ad günündə oxucularına məhəbbət, özünə qayıdış, həyatın mənası və ahənginin yeni tarixçəsini hədiyyə edib. Təkcə Rusiyada yaşayanlar deyil, xarici ölkələrdə olan geniş oxucu auditoriyasi bu kitabı çoxdan gözləyirdi.

Təqdimat mərasimində çıxış edən kitabın müəllifi tədbir iştirakçılarına onun yaradıcılığına göstərdikləri marağa görə təşəkkürünü bildirib. Mariya Suvorovskaya deyib: “Maraqlı və heyrətamiz ölkə olan Azərbaycan özündə bir çox iqlim qurşağını birləşdirir. Hər bir rayonun öz sehrli mədəniyyəti var. Bu kitabı sizlərin Azərbaycanı başqa prizmadan görməniz üçün ərsəyə gətirdim. Onun ana xəttini səyahətim zamanı keçdiyim İsmayılı rayonu təşkil edir. Mən pomidorla qayğanağın, samovar çayının verildiyi səhər yeməyini heç zaman unutmayacağam. Əgər bütün bunların azacıq hissəsini oxuculara çatdıra bilsəm, o zaman özümü xoşbəxt hiss edəcəyəm”. O, həmçinin kitabda bəhs olunan məhəbbət hekayəsini Azərbaycanda şərabçılığa olan sevgi ilə vəhdətdə necə təsvir etdiyindən danışıb.

Mariya Suvorovskayanın birinci kitabı – “Xəzər üzərində yelləncək” ötən il əvvəlcə Rusiyada rus dilində, sonra isə ölkəmizdə Azərbaycan dilində işıq üzü görüb. Povest hisslərin, kəşflərin, qadınların emosional həyəcanlarının tarixçəsi olmaqla yanaşı, həm də yazıçının Azərbaycana, onun mədəniyyətinə və adət-ənənələrinə sevgisinin özünəməxsus rəmzidir.

Yazıçının ikinci kitabı da Azərbaycanla, şərabçılıqla bağlıdır. “Bu, “Xəzər üzərində yelləncək” kitabından tamamilə fərqli olaraq şüurlu və yetkin məhəbbətin hekayəsidir. Çox ümidvaram ki, növbəti ildə bu kitabı Azərbaycana gətirərək təqdimatını keçirəcəyik. Onun elektron versiyasını isə bütün dünyada olan oxucular artıq dekabrda oxuya biləcəklər”, -deyə Suvorovskaya qeyd edib.

“Üzümlüyün yanındakı ev” kamil məhəbbət haqqında povestdir. Şərab kimi, həqiqi məhəbbət də ən münasib yaşda, öz vaxtında qarşına çıxmalıdır. Məhəbbətə hazır olmaq lazımdır, hisslər əla şərab timsalında insanı həyəcanlandırmalı, onun dadı da uzunmüddətli və xoş olmalıdır. Bir çox hallarda çoxdan gözlənilən səadətin yolları sınaqlardan, ağrı-acılardan keçir. Amma bu keşməkeşli yollar, xarakter mürəkkəbliyi çoxtərəfli və harmonik şəxsiyyətin formalaşması üçün mətanət əlavə edir, insana həyatda qarşısına çıxan yarısına dəyər vermək hissi aşılayır.

Bu kitab hər şeyə başlamağın heç vaxt gec olmadığı haqqındadır. Bunun üçün dərindən nəfəs almalı, yaxud bir udum şərab içərək qəlbini açmalısan.

Kitabın hər fəsli Azərbaycanın İsmayıllı rayonunda şərab istehsal edilən üzüm növünün adını daşıyır. Povest təbiətin gözəl təsviri, şərabların xarakteristikası ilə zəngindir. Əsər Mariya Suvorovskayanın publisist fəaliyyətinin pərəstişkarı olan və onu qiymətləndirən hər bir oxucu üçün çox gözəl hədiyyədir.

Müəllifi təbrik edənlər arasında Azərbaycanın Rusiyadakı səfirliyinin iqtisadiyyat üzrə müşaviri Şövqi Mehdizadə, Moskva vilayəti Jurnalistlər İttifaqının sədri, Rusiya Jurnalistlər İttifaqının katibi Natalya Çernışova, “Biznes-Dialoq-Media”nın redaksiya heyətinin sədri Vadim Vinokurov və başqaları olublar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.