SİYASƏT
Mariya Zaxarova: RF Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə Türkiyə ilə müntəzəm əlaqədədir
Moskva, 27 sentyabr, AZƏRTAC
Rusiya Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə Türkiyə ilə müntəzəm əlaqədədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O deyib: “Türkiyə ilə qarşılıqlı fəaliyyətimizə gəldikdə, bu əlaqələr müxtəlif istiqamətlərdə aparılır. Buraya həm siyasi-diplomatik əlaqələr, həm hərbçilərimiz arasında əlaqələr aiddir. Sözsüz ki, əlaqələrin vektoru regionda vəziyyəti müzakirə edən dövlət başçıları tərəfindən müəyyən olunur”.
RF XİN-in rəsmi nümayəndəsi Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda “Rossiya-1” telekanalına verdiyi müsahibəni xatırladıb. Prezident həmin müsahibəsində qeyd edib ki, Rusiya və Türkiyənin problemlərə müxtəlif baxışları olur, haradasa yanaşmalar üst-üstə düşmür. Lakin tərəflər təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də regional sabitlik kontekstində qarşılıqlı fəaliyyətin faydalı ola biləcəyi təmas nöqtələrini axtarırlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva