CƏMİYYƏT
Marketdə satıcıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bakı, 17 iyun, AZƏRTAC
Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsi 5 ünvanında paytaxt sakini olan qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs qadına yaxınlaşıb ona zor tətbiq etməklə boynundan 200 manat dəyərində qızıl boyunbağını və qulağındakı sırğalardan birini talayaraq hadisə yerindən qaçıb. Zərərçəkən Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını xahiş edib.
Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Rakif Ramazanov bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim olunub. Tutulan zaman onun üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə heroin də aşkar olunaraq götürülüb.
Pirşağı qəsəbəsində yerləşən marketlərdən birində isə satıcıya qarşı soyğunçuluq edən şəxs Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Mirzəyev tutulub. Araşdırma zamanı onun həmin marketdəki kassadan 400 manata yaxın pulu açıq talama yolu ilə ələ keçirdiyi məlum olub.
Qeyd edək ki, İsmayıl Mirzəyev cəzaçəkmə müəssisəsindən ötən ay azadlığa buraxılıb. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.