CƏMİYYƏT
Marmaris sakini: Azərbaycan yanğınsöndürənlərin ölkəmizə yardıma gəlməsi bizi qürurlandırır
Muğla, 31 iyul, AZƏRTAC
Azərbaycan yanğınsöndürənlərin bir neçə gündür Türkiyəni bürüyən meşə yanğınları ilə mübarizədə ölkəmizə gəlməsi bizi qürurlandırır. Azərbaycanlı qardaşlarımızın köməyə gəlməsi xəbərini böyük sevinclə qarşıladıq. Marmaris sakini olaraq bu qardaşlıq münasibətinə görə Azərbaycan dövlətinə və xalqına təşəkkürümü bildirirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Marmaris sakini Mehmet Türkel ifadə edib.
Türk xalqının tarixin ağır sınaqlarından hər zaman mərdliklə çıxdığını bildirən Mehmet Türkel əminliklə deyib ki, Türkiyə ictimaiyyəti bütün gücünü səfərbər edərək yanğınların tamamilə söndürülməsinə dəstəyini verəcək.
İyulun 28-dən başlayaraq tüğyan edən meşə yanğınlarının yerli əhalidə böyük narahatlıq yaratdığını diqqətə çatdıran Mehmet Türkel deyib: “Marmarisdə bizim “Pınar yanı” kafesinin yaxınlığında, şosenin o biri tərəfində baş verən yanğınlar vahiməlidir. Azərbaycanlı yanğınsöndürənlər alovun ən gur olduğu ərazilərdə əməliyyatlara cəlb olunublar. Səmimiyyətlə deyirəm ki, Azərbaycanın meşə yanğınları ilə mübarizədə Türkiyəyə yardım göndərmək xəbəri ölkəmizdə böyük sevinclə qarşılandı. Əslində, burada qəribə heç nə yoxdur. Sadəcə olaraq qürurlanırıq ki, Türkiyə yalnız deyil”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyənin Marmaris bölgəsində meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Yanğınsöndürənlərimiz alovla mübarizədə böyük fədakarlıq göstərirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla