CƏMİYYƏT


Marneuli rayonunda ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Tbilisi, 8 dekabr, AZƏRTAC

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Azərbaycanlı Əlillər Asossiasiyasının təşkil etdiyi tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, səfirliyin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Bolnisi rayon icra hakimiyyəti başçısının müavini Longinoz Həsənov, Marneuli, Bolnisi, Dmanisi və Rustavidən gəlmiş ictimai fəallar, din xadimləri, əlillər iştirak ediblər.

“Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov tədbiri açdıqdan sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məhəbbət İmanov Ümummilli Liderin həyat və fəaliyyətinə nəzərə salıb, dahi liderin Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsindəki rolunu xüsusi qeyd edib.

Əlillər Assosiasiyasının sədri Rövşən Əliyev deyib ki, ümummilli lider Heydər Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın qəlbində yaşayır və daim yaşayacaq.

Bildirib ki, Heydər Əliyev Gürcüstanda yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərib.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də soydaşlarımıza diqqət göstərir. Azərbaycan dövləti Gürcüstanda yaşayan əlillərin sosial qayğılarını öyrənir və onların problemlərinin həllinə köməklik göstərir.

Səfir Dursun Həsənov çıxışında Azərbaycan-Gürcüstan dostluğuna nəzər salıb. Bildirib ki, hər iki dövlət eyni dövrdə və demək olar ki, eyni yolu keçməklə müstəqilliyinə qovuşub. Müstəqilliyin ilk illərində məhz ulu öndər Heydər Əliyevin səyi nəticəsində dostluq münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlayıb.

Diplomat Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə regionda həyta keçirilən irimiqyaslı layihələrdən söz açıb, bu layihələrin dövlət müstəqilliyimizin qarantı olduğunu qeyd edib.

Sonra Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində dövlətlərimizin dünya miqyasında daha da möhkəmləndiyini, söz sahibinə çevrildiyini bildirib.

Sonra “Həyat” fondunun prezidenti, xeyriyyəçi Hacı Nuran Hüseynov, din xadimi Hacı Ağa Əli Qarabağlı və başqaları çıxış edərək Ulu Öndərin həyat yoluna nəzər salıb, görkəmli dövlət və siyasi xadim, xalqın xilaskar atası Heydər Əliyev barədə fikirlərini bölüşüblər.

Tədbirdə “Heydər Əliyev-Dahi şəxsiyyət” adlı sənədli film nümayiş etdirilib.

Sonra Ulu Öndərin ruhuna dualar oxunub, ehsan verilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.