QAN YADDAŞI


Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub

Tbilisi, 21 yanvar, AZƏRTAC

Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda da ehtiramla yad olunub.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Marneuli rayon meriyasında Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsini anım mərasimi keçirilib.

Şəhidlərin ruhu bir dəqiqlik sükutla yad olunduqdan sonra Marneuli rayonunun meri Zaur Darğallı çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan və gürcü xalqlarının matəm və bayram genlərində daim bir-birinin yanında olduğunu qeyd edib: “1989-cu ilin 9 aprelində Gürcüstanda, 1990-cı ilin 20 yanvarında Azərbaycanda törədilmiş qırğınlar bizim xalqlarımızın azadlıq uğurunda mübarizəsini boğmağa yönəlsə də müstəqilliyimizin əsasını qoyub. Qədirbilən xalqlarımız heç zaman şəhidlərimizin xatirəsini unutmayacaq”.

Sonra səfir Dursun Həsənov çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri, ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti nəticəsində bu faciəyə hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdırıb.

Bildirib ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə daim fəxr edir.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev çıxışında deyib ki, 9 Aprel və 20 Yanvar faciələri totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Qeyd edib ki, Tbilisidə və Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, xalqı ölkənin müstəqilliyi uğrunda daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq salnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi.

Sonra ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.