CƏMİYYƏT
Marneulidə Kvemo Kartli bölgəsinin əlilləri ilə görüş keçirilib
Tbilisi, 13 fevral, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində Kvemo Kartli-Borçalı bölgəsindəki əlillər və fiziki qüsurlu şəxslərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Azərbaycanlı Əlillər Cəmiyyətinin təşəbbüsü ilə Marneuli Məşğulluq Mərkəzində təşkil olunan görüşdə parlamentin deputatı Mahir Dərziyev, Azərbaycanın bu ölkədəki səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov, Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Saqareco rayonlarının bələdiyyə və sakrebulların nümayəndələri, QHT-lərin üzvləri iştirak ediblər.
Cəmiyyətin sədri Rövşən Əliyev çıxış edərək azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə əlillərin sosial-məişət problemləri və qayğıları barədə məlumat verib.
Deputat Mahir Dərziyev, Marneuli merinin müavini Laşa Lobjanidze, Bolnisi rayon Sosial Xidmət Agentliyi direktorunun vəzifələrini icra edən Çiçino Caxadze, Qardabani sakrebulu sədrinin müavini Rəfi Orucov və başqaları Gürcüstan dövləti tərəfindən əlillərə göstərilən diqqət və qayğıdan danışıb, mövcud problemləri təhlil edib, onların həlli yolları barədə fikirlərini bölüşüblər.
Çıxışlarda Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun və SOCAR-ın Gürcüstan nümayəndəliyinin bu bölgədə yaşayan və milliyyətindən asılı olmayaraq, bütün əlillərə göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunub.
Görüşdə bölgə əlilləri üçün Əlillərin Bərpa və Sosial Reabilitasiya Mərkəzinin yaradılması barədə təkliflər səslənib.
Çıxış edənlər bu barədə lazımi strukturlar qarşısında məsələ qaldıracaqlarını bildiriblər, bu məsələ ilə əlaqədar Azərbaycanın təcrübəsinin öyrənilməsinin, əlillərin sosial problemlərinin həlli ilə bağlı layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi