SİYASƏT
Marneulidə Novruz bayramı silsilə tədbirlərlə qeyd olunmuşdur
Bakı, 22 mart (AZƏRTAC). Martın 20-də Marneuli şəhərindəki “Qaya” restoranında Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Mərasimdə Azərbaycan Milli Məclisi Azərbaycan – Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Qənirə Paşayeva, Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva, Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov, Kvemo Kartli - Borçalı bölgəsinin qubernatorunun müavini və Gürcüstan Azərbaycanlıları Konqressinin (GAK) sədri Hüseyn Yusubov, SOCAR şirkətinin nümayyəndəsi Arif Əliyev, Gürcüstanın ali təhsil müəssisələrinin tələbələri, ziyalılar iştirak etmişlər.
AMM-in sədri Fazil Həsənov bayram münasibətilə iştirakçıları təbrik etmiş, Novruz bayramının bu ildən Gürcüstanda dövlət bayramı kimi elan olunması ilə bağlı fərman imzaladığına görə, Prezident Mixeil Saakaşviliyə minnətdarlığını bildirmişdir.
AMM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Qənirə Paşayeva mərasimdə çıxış edərək Novruz bayramının yüksək səviyyədə dünyanın hər yerində qeyd olunmasının əhəmiyyətindən danışmış, Mərkəzin fəaliyyətini yüksək qiymətləndirmiş, gənclərə tövsiyələrini vermişdir.
Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov isə çıxışında istehdadlı və savadlı gənclərlə fəxr edib onların gələcəkdə yaxşı mütəxəsis olmalarına əmin olduğundan bildirmişdir.
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatorunun müavini, GAK-ın sədri Hüseyn Yusifov isə çıxışında xalqımızı bayram münasibətilə təbrik etmiş, bu bayramın əhəmiyyətindən danışmışdır.
SOCAR-ın Arif Əliyev, Gürcüstanın Azərbaycanlı Gəncləri İttifaqının sədri Leyla Məmmədova, tələbə Ləman Məmmədova və başqaları çıxış edərək bayram təbriklərini çatdırmışlar.
Həmin gün Faxralı kəndindəki bir saylı orta məktəbdə də Novruz şənliyi keçirilmişdir. Qənirə Paşayeva faxralıları Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara əmin-amanlıq, xöş gələcək arzulamışdır.
######