İDMAN
Marneulidə Ulu Öndərin xatirəsinə həsr olunmuş güləş turniri keçirilir
Tbilisi, 9 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Gürcüstanın Marneuli şəhərində sərbəst güləş üzrə Dostluq Turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, turnir Azərbaycanın Gürcüstandakı səfirliyinin, “SOCAR Georgia” şirkətinin və Gürcüstanın Azərbaycanlı İdmançıları Birliyinin birgə təşkilatçılığı ilə reallaşır.
Mayın 9-da turnirin açılışı olub. Mərasimdə səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin təmsilçiləri və idman ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Yarışa Kvemo Kartli, Borçalı bölgəsindən 20-75 kiloqram çəki kateqoriyaları üzrə 16 idman klubunun 150-yə yaxın idmançısı qatılıb.
Turnirin qalibləri kubok, medallar və sertifikatlarla mükafatlandırılacaqlar.
Təltifetmə mərasimi mayın 10-da keçiriləcək.
Qeyd edək ki, mayın 10-da Tbilisidə Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turniri, mayın 11-də isə Gürcüstan və Azərbaycanın kişilərdən ibarət voleybol üzrə milli komandalarının dostluq oyunu da təşkil olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi