CƏMİYYƏT
Marneulidə azərbaycanlı gənclər arasında bilik yarışması keçirilib
Tbilisi, 19 may, AZƏRTAC
Gürcüstan Xarici İşlər Nazirliyinin nəzdində “NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzi” və Marneulidəki “İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə gənclər arasında bilik yarışması keçirilib.
AZƏRTAC xəbər verir ki, bilik yarışması Gürcüstanda dövlət səviyyəsində keçirilən “Avropa günləri” çərçivəsində reallaşıb.
Açılış mərasimində çıxış edən layihə rəhbəri Emin Əhmədov deyib ki, bu cür yarışların təşkilində məqsəd region gənclərinin Avropa İttifaqı ilə bağlı biliklərini artırmaqdır.
Marneulidəki “Çay Evi”ndə SOCAR-ın dəstəyi ilə həyata keçirilən ödənişsiz kurslarda təhsil alan 20 şagird 5 komandada bilik və bacarıqlarını sınayıblar.
Sonda 5 nömrə altında çıxış edən komanda yarışın qalibi olub. İki nömrəli komanda isə ikinci yerə çıxıb.
Qaliblərə sertifikat və hədiyyələr, qalan iştirakçılara isə sertifikatlar təqdim olunub.
Gənclər bu cür yarışların keçirilməsindən razı qaldıqlarını bildiriblər. Onların fikrincə bu cür bilik, eləcə də idman yarışları gənclərin savadlılığının, idmana həvəsinin artırılmasına, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi