CƏMİYYƏT
Marneulidə əhalinin içməli su problemi həll olunur
Tbilisi, 6 iyun, AZƏRTAC
Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda əhalinin içməli su problemi həll olunur. Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihə üzrə işlər davam edir.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili Marneulidə olub, rayonun və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi prosesi ilə maraqlanıb. O bildirib ki, Asiya İnkişaf Bankı layihənin maliyyələşdirilməsinə 150 milyon lari vəsait ayırıb. Layihənin gələn il başa çatdırılması planlaşdırılıb. Lakin sentyabr ayından etibarən sistemin mərhələli şəkildə işə salınması nəzərdə tutulub.
Hazırkı mərhələdə nasos stansiyalar və rezervuarlar, magistral boru xətləri və daxili şəbəkə, yeni kanalizasiya kollektoru tikilir.
Layihə başa çatdırıldıqdan sonra Marneuli şəhəri ilə yanaşı, Tsereteli, Saimerlo, Qızılhacılı, Böyük Bəylər və Kiçik Bəylər kəndlərinin 30 mindən çox sakini 24 saat ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunacaq. Yeni kanalizasiya sistemi 40 min sakin üçün nəzərdə tutulub.
Qeyd edək ki, Marneulidə su təminatı ilə bağlı problem uzun illərdir mövcuddur və rayon əhalisinin 80 faizdən çoxu sudan fasilələrlə, müəyyən qrafiklə istifadə edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi