CƏMİYYƏT
Marneulidə yaşayan soydaşlarımız 9 Aprel qurbanlarının xatirəsini anıblar
Tbilisi, 9 aprel, AZƏRTAC
Gürcüstanın Marneuli rayonunda yaşayan soydaşlarımız da 9 Aprel qurbanlarının xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) rəhbərliyi və üzvləri, rayon ictimaiyyətinin nümayəndələri Marneuli rayonunun Tsereteli kəndində 9 Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
GAK sədri Hüseyn Yusubov bildirib ki, əsrlər boyu mehriban qonşu, dost olan Azərbaycan və gürcü xalqları tarixən eyni taleyi yaşayıblar. 1918-ci ilin mayında Tbilisidə hər iki xalq öz müstəqil dövlətlərini yaradıblar. Demokratik Azərbaycan və Gürcüstan dövlətləri qısa dövrdə fəaliyyət göstərsələr də, tarixdə dövlətçiliyin çox dərin özülünü qoyublar. 1989-cu ildə hər iki xalq yenidən azadlıq mübarizəsinə başlayıblar. Xalqlarımızın azadlıq ruhunu boğmaq istəyən sovet imperiyası qüvvələri 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də isə Azərbaycanda qanlı qırğınlar törədib. Lakin bu faciələrə baxmayaraq, xalqlarımız azadlığa qovuşub, müstəqil dövlətlərini bərpa ediblər.
“Azadlıq, müstəqillik və suverenlik uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi daim qəlblərdə yaşayacaq”, – deyə H.Yusubov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi