CƏMİYYƏT
Mart ayına olan hava proqnozu açıqlanıb
Bakı, 29 fevral, AZƏRTAC
Mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunacaq. Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Havanın temperaturu gecələr 5-10°, gündüzlər 9-14°, bəzi günlərdə 16-19° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normaya yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 20-27 millimetr) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 5-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 9-14°, bəzi günlərdə 18-20° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 22-44 millimetr) ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 15-18° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (42-52 millimetr) bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 3°-dək isti, gündüzlər 10-15°, bəzi günlərdə 19-21° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (19-48 millimetr) ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 2-7° isti, bəzi günlərdə yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 16-19° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 23-90 millimetr).
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 7-9° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 5-10°, gündüzlər 11-16°, bəzi günlərdə 19-22° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-45 millimetr) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 4-9°, gündüzlər 8-13°, bəzi günlərdə 15-19° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 56-112 millimetr) proqnozlaşdırılır.