İQTİSADİYYAT
Martda Azərbaycanın hava limanları 350 minə yaxın sərnişinə xidmət göstərib
Bakı, 11 aprel, AZƏRTAC
Cari ilin mart ayında Azərbaycanın beynəlxalq hava limanlarının xidmətlərindən 350 minə yaxın insan istifadə edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, bir il əvvəl eyni dövrlə müqayisədə təxminən iki dəfə çoxdur.
Ümumilikdə ilin əvvəlindən bütün aeroportlarda sərnişin axını 886 min nəfər təşkil edib. Onların əksəriyyəti Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə gələn və gedən sərnişinlərdir - onların payı 79 faizdir.
İlin əvvəlindən Bakı hava limanının baza aviadaşıyıcıları – “Azərbaycan Hava Yolları” və “Buta Airways” 279 min və 86 min sərnişinə xidmət göstərib ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 40 faizini və 12 faizini təşkil edir.
Keçən ilin mart ayında 25 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib.
Mart ayında Bakıdan ən populyar 10 istiqamətlər sırasına İstanbul, Dubay, Moskva, Tbilisi, Ankara, İzmir, Əbu-Dabi, Frankfurt, Küveyt və Doha daxildir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5 ulduzlu” reytinqə layiq görülüb.
Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.