ELM VƏ TƏHSİL


Martın 15-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib

Bakı, 26 aprel, AZƏRTAC

Bu il martın 15-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elan üzrə 29 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 507 vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1188 namizədlə 1560 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyi, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi, Büdcə sektoru, böyük məsləhətçi (1 vakant yer üzrə 187 namizəd), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatı, Regional idarəetmə və status şöbəsi, Regional idarəetmə sektoru, məsləhətçi (1 vakant yer üzrə 114 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin mayın 3-dən iyulun 1-dək keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.