CƏMİYYƏT


Martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günüdür

Bakı, 24 mart, AZƏRTAC

Vərəm hava-damcı yolla yayılan yoluxucu xəstəlikdir və insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və sair yollarla daxil olur. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilirlər. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik bir qayda olaraq dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Vərəmlə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöpləri aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

2014-cü ildə aparılan statistikaya əsasən, vaxtında diaqnoz qoyulmaması və səmərəsiz müalicələr nəticəsində 9,6 milyon nəfər vərəmə yoluxub, onlardan 1,5 milyon nəfər, o cümlədən 140 min uşaq vəfat edib. Bununla yanaşı, vərəmlə xəstələnmə səviyyəsi 2000-ci il ilə müqayisədə 18, ölüm göstəricisi isə 1990-cı illə müqayisədə 47 faiz azalıb.

Vərəmin erkən aşkarlanmasının iki əsas üsulu var: uşaq və yeniyetmələr hər il vərəmlə əlaqədar diaqnostikadan, böyüklər isə flüoroqrafiyadan keçməlidirlər. Yeni dərman preparatlarının çoxluğuna baxmayaraq, vərəm ən ağır və təhlükəli xəstəliklərdən biri olaraq qalır. Vərəm sosial, tibbi və bioloji problemdir. Buna görə də, mütəxəssislər vərəmə qarşı mübarizə tədbirlərinin aparılmasına xüsusi diqqəti göstərməyin zəruri olduğunu bildirirlər. Onların fikrincə, xəstəliyin aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. Bunun üçün də, Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onun barəsində əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.