CƏMİYYƏT
Martın 8-də Əbu-Dabi Luvru və Sorbonunda Yaxın Şərq Qadın Forumu keçiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
Martın 8-də - Beynəlxalq Qadınlar Günündə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Luvru və Əbu-Dabi Sorbonunda Yaxın Şərq Qadın Forumu keçiriləcək. Yaxın Şərq və Şimali Afrika ölkələrindən nümayəndələrin iştirak edəcəyi Tədbirdə sosial və iqtisadi məsələlərdə gender perspektivləri müzakirə ediləcək.
BƏƏ-nin Ana və Uşaq Məsələləri Ali Şurasının baş katibi Reyem Abdulla əl-Fələsi bildirib ki, dünya qadınları üçün əlamətdar gündə bu tədbirin təşkilindən məqsəd dünya ictimaiyyətinin diqqətini bir daha qadın və uşaq problemlərinə cəlb etməkdir. Onun sözlərinə görə, forumda 600-dən çox hökumət, qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələri növbəti onillikdə inklüziv cəmiyyətlə, o cümlədən zərif cinsin nümayəndələrinin ictimai-siyasi, iqtisadi məsələlərdə daha fəal inkişafı ilə bağlı mövzuları müzakirə edəcəklər.
Fransanın BƏƏ-də səfiri Lüdovik Puye Yaxın Şərq Qadınları Forumunun Beynəlxalq Qadınlar Gününə təsadüf etməsinin rəmzi olduğunu bildirib. O, təmsil etdiyi dövlətin və Əmirliklərin qadın hüquq və azadlıqları sahəsində sıx əməkdaşlığını regionun gələcəyi üçün mühüm amil adlandırıb.