CƏMİYYƏT
Martın sonuncu günündə dağlıq ərazilərə qar yağacaq
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanda martın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 8-11° isti olacaq.
Sinoptiklərin xəbərdarlığına görə, aprelin 1-i axşamdan 2-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlıq ərazilərdə gecə 5-7° şaxta olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 0-3° şaxta olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-11° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ , İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 6-11°, gündüz 0-4° şaxta olacaq.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı , Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 8-11° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-5° isti olacağı ehtimalı var.