MƏDƏNİYYƏT
“Maşa və ayı – maskalı qəhrəman köməyə gəlir”tamaşasının premyerası
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 27-dən 30-dək, yanvarın 2-3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Maşa və ayı – maskalı qəhrəman köməyə gəlir” tamaşasının premyerası keçiriləcək. Seanslar rus və Azərbaycan dillərində olacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanı TRİDA beynəlxalq prodüser mərkəzi sevimli “Maşa və ayı” cizgi filmi serialının motivləri əsasında təqdim edəcək.
Musiqili, macəralı komediya janrında olan bu tamaşada Maşa, Daşa və Ayı yeni ilə hazırlaşırlar. Lakin heç kəsin ağlına gəlmir ki, onların yeni il idilliyasını adi süpürgə, Maşanın qeyri-adi macəralara marağı və xəbislərin məkrli planları poza bilər. Daşanı qaçırmaq isə ancaq axmaq küpəgirən qarının ağlına gələ bilər.
Tamaşada daha sonra hadisələr Bağdada baş verir. Orada isə quldur Əbu Həsən və küpəgirən qarı yeni il bayramının qeyd edilməsinə qarşı məkrli planlarını hazırlayırlar.
Zorroya çevrilən ayı və Maşa Bağdadda özlərinə quldurun yerini göstərən sadiq dost tapırlar.
Əbu Həsənin inamını qazandıqdan sonra isə təkcə Daşanı deyil, başqalarını da xilas etmək lazım gəlir.