QAN YADDAŞI
Masallı Dövlət Regional Kollecinin tələbələri “Şəhid şəhər Xocalı” tamaşasını nümayiş etdiriblər
Masallı, 23 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 23-də Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində kollecin müəllimi Kəmalə İmanovanın Xocalı soyqırımı ilə bağlı məruzəsi dinlənilib.
Məruzəçi Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı tələbələrə ətraflı məlumat verib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mühazirəçisi Şəhla Aslan Fondun dəstəyi ilə nəşr olunan “Xocalı şahidləri danışır” kitabını kollecin kitabxanasına təqdim edib.
Qeyd edək ki, “Xocalı şahidləri danışır” kitabı Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə kimi həmin faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materiallar toplusudur.
Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.
Daha sonra tələbələrin ifasında Masallı Dövlət Regional Kollecinin müəllimi Cəmaləddin Əliyevin quruluş verdiyi “Şəhid şəhər Xocalı” tamaşası nümayiş etdirilib.