MƏDƏNİYYƏT
Masallı Mədəniyyət Mərkəzində “Tabuta sığmayanlar” tamaşa-kompozisiyası nümayiş olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar Nizami Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzinin səhnəsində Masallı, Cəlilabad Xalq teatrlarının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə "Tabuta sığmayanlar" adlı tamaşa-kompozisiya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, jurnalist-publisist Cəfər Cəfərovun eyniadlı pyesi əsasında hazırlanan tamaşa-kompozisiya 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən Masallı şəhidlərinə həsr olunub.
Təsirli epizodlarla yadda qalan kompozisiya tamaşaçıları kövrəltsə də aktyorların çıxışları izləyicilərin alqış sədaları ilə müşayiət edilib.
Tamaşadan sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar diləyib.
Xatırladaq ki, tamaşa-kompozisiyanın müəllifi Cəfər Cəfərov, rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatı Elsevər Əliyevə aiddir.