REGİONLAR
Masallı, Mingəçevir və Quba “ASAN həyat” komplekslərində Novruz şənliyi keçiriləcək
Bakı, 17 mart, AZƏRTAC
Masallı, Mingəçevir və Quba “ASAN həyat” komplekslərində müvafiq olaraq martın 18-i, 19-u və 25-də Novruz şənliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “ASAN xidmət” və Park Cinemanın birgə təşkilatçılığı, “ASAN Radio” və Xəzər TV-nin informasiya dəstəyi ilə təşkil olunan şənlik yerli sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.
“ASAN həyat şənliyi” şüarı ilə keçiriləcək konsert proqramında məşhur sənətçilər bir–birindən gözəl mahnılarla tamaşaçıların zövqünü oxşayacaqlar. Bayram proqramı şənliyinə məşhur aktyorların imza günü və film təqdimatı da daxildir.
Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da yararlanırlar. “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.