CƏMİYYƏT


Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasında əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial təminatı sahəsində rast gəlinən korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin ifşası istiqamətində prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, uzun müddət Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Həyata keçirilmiş ilkin tədbirlərlə Cəlil Nəzərovun ona müraciət edən iki vətəndaşdan əlillik dərəcəsinin təyin olunması üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə salınması müqabilində onlardan tələb etdiyi 4500 manat pul məbləğini 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda rəhbərlik etdiyi tibb müəssisəsinin inzibati binasında şəxsən və qeyri-rəsmi köməkçisi olan Sultanlı Davud Məmməd oğlu vasitəsilə təkrarən rüşvət qismində almasına, habelə, işlədiyi dövrdə çoxlu sayda sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən olunub.

İş üzrə Cəlil Nəzərovun Masallı Rayon Mərkəzi Xəstəxanasının inzibati binasındakı xidməti otağında və digər aidiyyəti ünvanlarda axtarış aparılan zaman 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, xəstəliklər üzrə diaqnozların müəyyənləşdirilməsi və sair təyinatlar üzrə çoxsaylı vətəndaşların adlı siyahısı və həmin vətəndaşlardan alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkarlanaraq götürülüb.

Həmin faktlar üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Toplanmış ilkin sübutlarla Cəlil Nəzərov yanvarın 23-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

C.Nəzərovun rəhbərlik etdiyi Masallı Rayon Mərkəzi Xəstəxanasının işçi heyətinin məvacib kartlarını özündə saxlamaqla onların əməkhaqlarının, habelə rəhbərlik etdiyi xəstəxanaya dövlət tərəfindən ayrılmış dərman preparatları və tibbi avadanlığın mənimsənilməsi ilə bağlı faktların araşdırılması, eləcə də təqsirləndirilən şəxsin digər qanunsuz hərəkətlərinin aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.