REGİONLAR


Masallı məktəbliləri üçün onlayn təlimlər keçirilib

Masallı, 30 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallıda Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə qalib olmuş “Sağlam məktəbli, davamlı təhsil!” layihəsi çərçivəsində məktəblilər üçün onlayn təlimlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə 135 şagirdin iştirakı ilə keçirilən layihənin məqsədi məktəblilər üçün distant formada sağlamlığı təşviq edən təlimlər keçirmək və onların sağlam olaraq davamlı təhsildə iştirakına töhfə verməkdir.

Layihə rəhbəri Nərgiz Muxtarova layihənin donoru, məqsəd və gedişatı haqqında məlumat verib.

Onlayn təlimdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov layihənin ideyasının uğurlu olduğunu, hazırda COVID-19 pandemiyası dönəmində belə layihələrin keçirilməsinin şagirdlərdə ruh yüksəkliyi yaratdığını və onların bu kimi viruslardan qorunmasına dəstək olduğunu bildirib.

Layihənin eksperti Nemət Əliyev məktəblilərin sağlam mühitdə təhsil alması üçün yaradılan imkanlardan bəhs edib, layihə çərçivəsində məktəblilər üçün çap edilən bukletlərdə olan məlumatların şagirdlər üçün faydalı olacağını vurğulayıb.

Təlimçi Rafət Şirəliyev şagirdlərə su, sanitariya və gigiyena ilə bağlı qaydaları, məktəblərdə və digər yerlərdə bu qaydalara əməl etməyi, həmçinin təlimdə sağlam mühitin yaradılması üçün şagirdlərin rolu, məktəb və valideyn birliyi, davamlı təhsilin aparılması ilə bağlı mövzular üzrə distant təlimlər keçib.

Qeyd edək ki, onlayn təlimlərdə Masallı şəhər 1, 3, 4, 6 nömrəli, rayonun Mahmudavar və Şərəfə kənd tam orta məktəblərinin şagird və müəllimləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.