REGİONLAR


Masallı polisi koronavirus xəstəsini işlədiyi ət dükanında aşkarladı

Masallı, 23 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət satışı dükanında olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mösüm Kazımova koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o işlədiyi Ərkivan qəsəbəsində yerləşən ət dükanında aşkarlanıb.

M.Kazımov polis əməkdaşları tərəfindən nəzərdə tutulmuş qaydalara uyğun olaraq dərhal təcili tibbi yardım maşını ilə yaşadığı evə aparılıb. İşlədiyi mağaza isə Qida Təhlükəsizliyi İdarəsinin və Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanılıb.

Koronavirus infeksiyasının daşıyıcısı olan M.Kazımovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.