CƏMİYYƏT
Masallı rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də saat 01 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakini, 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Masallı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin tanışı 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Malik Şiriyevə bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Kənan Bəyoğlanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.