CƏMİYYƏT
Masallı rayon sakininin üzərində xəsarətlər olan meyitinin aşkarlanması ilə bağlı cinayət işi başlanıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Masallı rayonunun Hüseynhacılı kənd sakini 1962-ci il təvəllüdlü Aidə Şəmmədovanın yaşadığı evdə üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyitinin sentyabrın 4-də aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.
Masallı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayətin təfərrüatlarının edilməsi, o cümlədən həmin cinayəti törətmiş şəxs və ya şəxslərin tutulub istintaqa cəlb olunması istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.